Elektron xidmətlər və onlardan istifadənin aktual problemləri ictimai müzakirə müstəvisində
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Bakıda Multimedia Mərkəzi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təşkilatçılığı ilə “Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin bölmə müdiri Ulduz Xəlilova, “Elektron hökumət” portalının əməkdaşı İlqar Abdullayev və Multimeda Mərkəzinin direktoru Osman Gündüz mövzu ilə bağlı təqdimatla çıxış etmişlər. Təqdimatlarda elektron xidmətlərdən istifadə zamanı vətəndaşların rahatlığı və xidmətin operativliyinin təmin olunması, əhali arasında elektron xidmətlərlə bağlı məlumatlılıq səviyyəsi, rəsmi saytlarda xidmətin keyfiyyətinin istifadəçi tərəfindən qiymətləndirilməsi imkanları, elektron xidmətlərdən istifadə sahəsindəki problemlər və onların aradan qaldırılması, həmçinin digər aktual məsələlər barədə danışılmışdır.
Dövlət orqanlarının, vətəndaş cəmiyyəti qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmışdır. Elektron xidmətlərin göstərilməsi sahəsində vəziyyətin yaxşılaşdırılması, bu sahədə prioritetlərin müəyyən edilməsi, e- xidmətlər sahəsində dövlət tərəfindən yeni statistikanın aparılması, reklamların effektiv qurulması ilə bağlı təkliflər verilmişdir.