ƏLƏTDƏ RAKET YANACAĞININ NEYTRALLAŞDIRILMASI ÜZRƏ MOBİL QURĞUNUN AÇILIŞI OLMUŞDUR
Mərasimdə Baş nazirin müavini Abid Şərifov çıxış etmişdir. O bildirmişdir ki, bu layihə NATO-nun dəstəyi ilə həyata keçirilir. Hazırda Ələt qəsəbəsi və Mingəçevirdə keçmiş sovet ordusundan qalmış 1500 tona yaxın raket yanacağı saxlanılır. Natiq həyat üçün təhlükəli olan bu zərərli maddənin məhv edilməsinə kömək göstərdiyinə görə, Azərbaycan hökuməti adından NATO-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Abid Şərifov Azərbaycan hökuməti ilə NATO-nun müvafiq qurumu arasında həmin proqram layihəsinə dair imzalanmış sazişə əsasən tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdiklərini xatırlatmışdır. Natiq ölkəmizin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əməkdaşlığına böyük əhəmiyyət verdiyini, son zamanlar bu sahədə irəliləyişlər əldə edildiyini bildirmişdir. O qeyd etmişdir ki, layihə uğurla başa çatdırılacaqdır.
NATO baş katibinin müavini Jan Furne Azərbaycanla NATO arasında əməkdaşlığın inkişafı üçün bu proqramın vacibliyini vurğulamışdır. Layihənin əməkdaşlıq tədbirlərindən ən əhəmiyyətlisi olduğunu söyləyən J.Furne, onun həyata keçirilməsində NATO-nun və başqa tərəfdaş ölkələrin mütəxəssislərinin bir yerə toplaşdığını və nəzərdə tutulan işlərin bir il müddətinə uğurla başa çatacağını qeyd etmişdir.
Almaniyanın Brandenburq Texniki Universitetinin təmsilçisi Volfhanq Spira və NATO-nun Maddi-Texniki Təminat Agentliyinin (NANSA) proqram meneceri Bülent Tudeş layihənin mahiyyətindən danışmış, belə yanacaq və oksidləşdiricilərin ətraf mühit, yaxınlıqdakı yaşayış məntəqələri üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdırmışlar.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar qurğu və avadanlıqla tanış olmuşlar.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iştirak etmişdir.