ƏLİ BAYRAMLI GÖMRÜKÇÜLƏRİ YENİ BİNADA FƏALİYYƏT GÖSTƏRƏCƏK
Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ulu öndərin şəhərdəki abidəsi önünə əklil qoyulmuşdur.
Beynəlxalq standartlara cavab verən binanın açılışını bildirən lent kəsildikdən sonra iştirakçılar Heydər Əliyev muzeyi ilə tanış olmuş, əbədiyaşar Prezidentin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərə, ulu öndərin respublikamızın ictimai, siyasi, iqtisadi həyatındakı xidmətlərini yaşadan foto-stendə və müasir avadanlıqla təchiz olunmuş binanın otaqlarına baxmışlar.
Komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dahi şəxsiyyətin anadan olmasının 83-cü ildönümü ərəfəsində binanın istifadəyə verildiyini bildirmiş, əməkdaşlara tövsiyələrini vermişdir.
Regionda fəaliyyət göstərən sahibkarların bir qrupu ilə görüşən komitə sədri dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının sistemli şəkildə formalaşmasında gömrük xidmətinin üzərinə düşən vəzifələrdən, ölkəmizin iqtisadi təhlükəsizliyi, büdcə gəlirlərinin təmin edilməsi istiqamətində atılan konkret addımlardan danışmışdır. O, iqtisadi yüksəlişdə iş adamlarının rolunu yüksək qiymətləndirmiş, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində son illər regionların sosial-iqtisadi inkişafı istiqamətində kompleks tədbirlərin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
İş adamları Əli Bayramlı Gömrük İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsini sahibkarların işinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirmişlər.