ƏLİLLƏRİN II ÜMUMRESPUBLİKA YARIŞLARI ÖTƏN İLİN YADDAQALAN İDMAN HADİSƏLƏRİNDƏN OLMUŞDUR
Bakı, 6 yanvar (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsindən bildirmişlər ki, 2008-ci ildə əlillər arasında müxtəlif idman yarışlarının təşkilinə xüsusi diqqət yetirilmişdir. Bu baxımdan əlillərin stolüstü idman oyunları üzrə II ümumrespublika yarışlarını ötən ilin ən yaddaqalan idman hadisələrindən biri heab etmək olar.
Yarışların ilkin mərhələsində - Mingəçevir, Gəncə, Şirvan, Şəki, Xaçmaz, Lənkəran, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilən zona turnirlərində 800-dən çox əlil idmançı iştirak etmişdir.
Zona turnirlərində fərqlənən 75 idmançı yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Onlardan 40 nəfəri ümumi əlilliyi olanlar, 19-u Qarabağ müharibəsi, 6-sı Çernobıl, 1-i hərbi xidmət əlili, 2-si uşaqlıqdan, 7-si isə 18 yaşadək əlillər olmuşlar.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə idmanın 4 növü - şahmat, dama, nərd və armrestlinq üzrə I-III yerlər üçün hər biri 7 olmaqla, cəmi 21 mükafat və bundan əlavə sağlamlığı məhdud olan 18 yaşadək əlil uşaqlara həvəsləndirici mükafatlar təsis edilmişdir.
Turnir başa çatdıqdan sonra 1-ci nəticə göstərənlərin hər biri 150 manat, 2-ci yeri tutanların hər biri 100, 3-cü yerə layiq görülənlərin hər biri isə 50 manat məbləğində pul mükafatı almışlar. Bundan əlavə, yarışların final mərhələsində iştirak etmiş 18 yaşadək olan 7 əlil idmançının hər birinə 50 manat mükafat verilmişdir.