Əlilliyi olan şəxslər üçün meşə terapiyası təşkil edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatının benefisiarları üçün reabilitasiya təcrübəsinin yeni istiqaməti kimi meşə terapiyası (Forest bathing) təşkil olunub.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzi Nəbatat Bağında keçirilən terapiyaya Pansionatın xidmətlərindən yararlanan 20-yə yaxın əlilliyi olan şəxs cəlb edilib. Tədbir çərçivəsində iştirakçılar təbiəti duyğular vasitəsilə qavramaq, ətraf mühiti müşahidə etmək və təbiətlə şüurlu təmas qurmaq imkanı əldə ediblər.
Yapon mənşəli shinrin-yoku yanaşması təbiətlə şüurlu təmasa əsaslanır. Elmi araşdırmalar bu təcrübənin stresin azalmasına və psixoloji rifahın dəstəklənməsinə müsbət təsir göstərə biləcəyini ortaya qoyur.
Terapiya benefisiarların psixoloji rifahının dəstəklənməsi məqsədi daşıyıb.