Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamının icrasına uyğun olaraq Bakı Dövlət Universitetində (BDU) tədbirlər planı hazırlanıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirlər planına əsasən, universitetdə “Elm günü”nə həsr olunmuş “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin tələbələri, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin mövzu üzrə məruzəsi dinlənilib.
Sonra innovativ fəaliyyətin dəstəklənməsi və inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, BDU-da həyata keçirilən tədbirlər, bu sahədə əldə edilən nailiyyətlər və həlli vacib hesab olunan məsələlər haqqında müzakirələr aparılıb.
Tədbirlər planında “Clarivate Analytics” şirkətinin Bakı nümayəndəliyi ilə birlikdə “Web of Science” bazasının SCI-Exp indeksi əsasında BDU-da araşdırma məqalələri üzrə “Ən məhsuldar müəllif”, “Ən çox istinad edilən müəllif”, “Ən yüksək h-indeksli müəllif” nominasiyaları üzrə qaliblərin mükafatlandırılması, “Gənc istedadlar” liseyində BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunan “Elm həftəsi”nin keçirilməsi, BDU alimlərinin 2018-ci il üzrə elmi nailiyyətlərini əks etdirən sərginin, AzTV-də BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunan “Gənclərin elmi fəaliyyətə təşviqində nəsillərarası münasibətlərin rolu” mövzusunda verilişin təşkili də nəzərdə tutulur.