Elman Quliyev: Qırğız folklorunun ən geniş yayılmış janrı nəğmələrdir
AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir
Bakı, 26 noyabr, AZƏRTAC
Qırğız ədəbiyyatında xalq yaradıcılığı nümunələri xüsusi yer tutur. Qırğız folklorunun ən geniş yayılmış janrı nəğmələrdir. Toy və yas mərasimlərində söylənən “Bekbekey”, “Saksakey”, “Şırıldan”, “Kostoşu”, “Arman” və digər nəğmələr qırğızların sevinc və kədər duyğularını ifadə edir. Nəğmələr “ır” adlandığı üçün onların ifaçıları “ırçı” kimi tanınıb, ırçılar həm nəğmə oxuyub, həm də özləri şeirlər qoşublar. Məhz ırçıların fəaliyyəti nəticəsində “Manas” dastanı yüzilliklər ərzində zənginləşib, mətndəki misraların sayı zamanla təxminən bir milyona çatıb. Qırğızlarda xalq nəğmələri üslubunda şeir yaradan sənətkarlar akın adlanır. Akın poeziyası “moktoo”, “arnoo”, “aytış” və digər janrlarda formalaşaraq müxtəlif mövzulu şeir örnəkləri meydana gətirib.
Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin qırğız ədəbiyyatı ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.
Qədim mifoloji və şifahi ənənələrə malik olan qırğızların yazılı ədəbiyyatı əsasən XX əsrin əvvəllərində formalaşmağa başlayıb. Orta Asiyada sovet hakimiyyətinin qurulması regionda müstəmləkəçilik və totalitarizmi gücləndirsə də, burada yaşayan xalqların ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər yaratdı. Bu proses qırğızların həyatına da təsir göstərdi. Oktyabr inqilabından sonra Qırğızıstanda məktəblərin açılması, savadsızlıqla mübarizənin gücləndirilməsi, yeni qəzet və jurnalların nəşri, teatr və kitabxanaların yaradılması ölkə daxilində mədəni həyatın canlanmasına səbəb oldu. Bu şərait xalq ədəbiyyatı nümunələrindən fərqli olaraq yazılı ədəbiyyatın inkişafına geniş imkan yaratdı. XX əsrin əvvəllərində regionda çap olunan dərslik, qəzet və jurnallar əsasən qazax və tatar dillərində olduğu üçün ilk yazılı nümunələr də həmin dillərdə qələmə alınırdı. Məsələn, yazılı qırğız ədəbiyyatının ilk nümayəndələrindən Sadıq Karaçev əsərlərini tatarca, Qasım Tınıstov isə qazaxca yazmışdı. Bununla belə, həmin dövrdə yaranan yeni ictimai-siyasi mühit qırğız yazılı dilinin və qırğız ədəbiyyatının inkişafı üçün əlverişli zəmin yaradırdı.
1924-cü ildə qırğız dilində nəşr olunan “Ərkin too” qəzeti qırğız mətbuatı və yazılı ədəbiyyatı tarixində mühüm hadisə oldu. Bu qəzet Aalı Tokombayev, Toktoqul Satılqanov, Toqolov Moldo, Qasımalı Bayalinov, Tugelbay Sıdıqbayev, Kılıç Şamırkanulun və digər qırğız şair və yazıçılarının əsərlərinin yayılmasında böyük rol oynadı.
XX əsrin 20-ci illərinə aid nümunələr Kılıç Şamırkanulunun “Zilzala” (1924) şeirlər kitabı, M.Tokombayevin “Turdının ölümü” (1927) poeması və “Kakey” (1927) pyesi, Q.Bayalinovun “Həcər” (1927) pyesi həmin dövr qırğız ədəbiyyatının inkişaf istiqamətini müəyyənləşdirən əsərlərdir. Tugelbay Sadıqbayevin “Gen su” (1937) romanı qırğız ədəbiyyatında roman janrının başlanğıcı kimi qəbul edilir. 1930–1950-ci illərdə yazıb-yaratmış sənətkarların əsərləri Suyunbay Eraliyevin “Dostlarıma məktub” (1949), Soranbay Curuyevin “Ömür yazı” (1950), “Ümid” (1960), Alıkul Osmanovun “Tandağı izlər” (1935), “Məhəbbət” (1945), “Ata yurdu” (1958) kitablarındakı şeirlər, Sadıq Karaçevin “Evlilikdən qaçdı”, “Sevdiyinə qovuşmadı”, “Kədərli iki gənc” hekayələri – realizm istiqamətində formalaşan yeni dövr qırğız poeziyasının və nəsrinin əsas nümunələri sayılır.
Çingiz Aytmatov, Mukan Elebayev, Coomart Bokonbayev, Cusup Turusbayev, Raykan Şükürbayev, Qasıməli Jontaşev, Calil Sadıqov və digər sənətkarların yaradıcılığı sayəsində müasir qırğız ədəbiyyatı yeni inkişaf mərhələsinə yüksəlib.