Elnur Abdullayev: Zirehli döyüş texnikaları yüksək döyüş qabiliyyətinə malikdir
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri çərçivəsində “Zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu” mövzusunda sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada məruzə ilə çıxış edən Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin nümayəndəsi polkovnik-leytenant Elnur Abdullayev zirehli döyüş texnikaları haqqında məlumat verib.
Qeyd edib ki, döyüşdə iştirak edən əsas zirehli texnikalardan biri də zirehdən hazırlanmış tanklardır. Ağır döyüş texnikası sayılan tanklar çox mükəmməl olmaqla yüksək döyüş qabiliyyətinə malikdir. Tanklar, əsasən yüngül, orta və ağır olmaqla 3 növə ayrılır.
E.Abdullayev, həmçinin bildirib ki, zirehli döyüş nəqliyyat vasitələrindən biri də piyadaların döyüş maşınıdır. Bu döyüş maşınları isə düşmənin şəxsi heyətini və canlı qüvvəsini məhv etməklə yanaşı, döyüşdə xüsusi çeviklik göstərməyə qadirdir. Sözügedən zirehli texnikaların üstün cəhətlərindən biri də onların suda və quruda hərəkət etməsidir.
Məruzəçi sessiya iştirakçılarını ölkəmizin hərbi sənayesi tərəfindən istehsal olunan və Qarabağ döyüşlərində uğurla sınaqdan çıxmış müasir zirehli döyüş texnikaları barədə də məlumatlandırıb.