Əlyazmalar İnstitutunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin iştirak etdiyi tədbiri giriş nitqi ilə İnstitutun elmi katibi, dosent Aynur Hacıqədirli açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdiyini və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutduğunu qeyd edib.
Tədbir məruzələrin dinlənilməsi ilə işinə davam edib.
Əlyazmaların elektron resursları şöbəsinin əməkdaşları – böyük laborant Türkan Süleymanova “Xocalı soyqırımı bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi”, mütəxəssis Səbinə Paşayeva “Xocalı soyqırımı şahidlərin gözü ilə”, baş mütəxəssis Vüqar Hacıyev “Xocalı soyqırımı – erməni terrorizminin tərkib hissəsi” mövzularında məruzə edib, çıxışlarında tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən bəhs ediblər.
Daha sonra İnstitutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix e.d. Tahirə Həsənzadə məruzə ətrafında çıxış edib, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə, o cümlədən Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib.
Sonda tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Xocalı soyqırımı” mövzusunda kitab sərgisi ilə tanış olublar.