Əməkdar artist Fərid İbrahimov: Azərbaycan rəqsi dünya səhnələrində layiqincə təmsil olunur
Bakı, 30 aprel, AZƏRTAC
Bu gün qeyd olunan Beynəlxalq Rəqs Günü mənim üçün xüsusi məna daşıyır. Rəqs elə bir sənətdir ki, insan öz hiss və düşüncələrini sözsüz, yalnız bədən hərəkətləri vasitəsilə səhnədə ifadə edə bilir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Əməkdar artist Fərid İbrahimov bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəqsi artıq dünya miqyasında tanınır və bu, böyük qürur mənbəyidir.
“Bu gün fəxr edə bilərik ki, milli bəstəkarlarımızın yaratdığı balet əsərləri dünyanın müxtəlif səhnələrində nümayiş olunur. Bu, Azərbaycan rəqs sənətinin inkişafının və beynəlxalq səviyyədə qəbulunun bariz göstəricisidir. Azərbaycan rəqsinin beynəlxalq aləmdə daha geniş tanıdılması üçün əsas diqqət gənc nəslin yetişdirilməsinə yönəldilməlidir. İlk növbədə istedadlı gənclər təhsil ocaqlarında rəqsin əsaslarını və texnikasını düzgün mənimsəməlidirlər. Daha sonra isə təhsillərini başa vurduqdan sonra peşəkar ansambllarda və ya Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edərək ölkəmizi layiqincə təmsil etməlidirlər”, – deyə o əlavə edib.
Müxbir - Günel Alıyeva