Əməkdar rəssam: Rəngkarlıqda möcüzə yaratmaq lazım deyil...
Xırdalan, 28 dekabr, Firuz Novruzov, AZƏRTAC
Mənzərə rəsmlərini insanlar nəyə görə daha çox sevir, çünki orada hər rəng, onun çalarları dil açıb danışır. Rəngkarlıqda möcüzə yaratmaq lazım deyil, sadəcə, təbiətin qoynundakı rəngləri necə var, eləcə görmək və kətan üzərinə köçürmək bəs edər. Əslində əsl harmoniyanı təbiəti insana deyil, insanı təbiətə inteqrasiya etməklə yaratmaq mümkündür.
Bu sözləri AZƏRTAC-ın əməkdaşı ilə söhbətində təkcə ölkəmizdə deyil, dünyada da nadir rəngkarlardan biri kimi tanınan Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam İsa Məmmədov deyib.
Müasir Azərbaycan rəngkarlığının ən parlaq nümayəndələrindən olan İsa Məmmədovun əsərlərində təqdim edilən gözəlliyin, ovsunlayıcı təqdimatın sirri həmin harmoniyadadır.
Azərbaycan təbiətinin bütün gözəlliklərini Şamaxı, Hacıqabul, İsmayıllı, Göygöl, Xızı və ölkəmizin müxtəlif bölgələrində müşahidə edən İsa Məmmədovun ən maraqlı əsərləri Bakı mövzusundakı rəsmləridir. Bu əsərlər insanlarda qədim olduğu qədər də müasir Bakı haqqında mükəmməl təəssürat yaradır. "Fəvvarələr meydanı", "Dənizkənarı milli park", "Vağzalyanı meydan", "Nizami küçəsi" və digər rəsmlər dünyanın müxtəlif rəsm sərgilərində tamaşaçıları valeh edir, kolleksiyalarda saxlanılır.
Rəssam hesab edir ki, onun ən mükəmməl mənzərə rəsmi hələ də kətan üzərinə hopdurulmayıb. O, bu arzusuna doğulduğu, lakin orada böyüyə bilmədiyi Qafanda, Qərbi Zəngəzurun füsunkar mənzərələri qarşısında molbertini qurarkən çatacağına inanır.