ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALANMIŞDIR
Sənəd imzalanmazdan əvvəl təhsil naziri Misir Mərdanov çıxış edərək, təhsil sisteminin kompyuterləşdirilməsi məsələsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirmiş, ümumtəhsil məktəblərinin 2006-2007-ci illərdə informasiya və kommunikasiya texnologiyaları ilə təminatı barədə xüsusi Dövlət Proqramının təsdiq edildiyini xatırlatmışdır. Qeyd etmişdir ki, bu proqramı dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi həyata keçirmək üçün keçən il BMT-nin İnkişaf Proqramı ilə də müvafiq sənəd imzalanmışdır.
Korporasiyanın MDB ölkələri üzrə baş meneceri Sergiuş Viza, şirkətin Azərbaycandakı təmsilçiliyinin baş direktoru Vladimir Çaykovski Rusiya, Ukrayna və Qazaxıstan təhsil nazirlikləri ilə də belə memorandumların artıq imzalandığını söyləmiş, Azərbaycan hökumətinin təhsil sahəsi ilə bağlı bütün tədbirlərinin uğurla həyata keçməsinə istənilən yardımı göstərməyə hazır olduqlarını bildirmişlər.
Memoranduma əsasən, “Microsoft İnformasiya Texnologiyaları Akademiyası”, “Proqram təminatının xüsusi şərtlərlə lisenziyalaşdırılması”, “Təhsildə innovasiya metodlarına dəstək”, “Kompyuterlərin yeni həyatı”
proqramlarının və sair, ümumilikdə 10 layihə həyata keçiriləcəkdir.
Sonra tərəflər sənədi imzalamışlar.