SİYASƏT
ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL İMZALANMIŞDIR
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyası Əmək və Sosial İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında protokolun imzalanma mərasimi olmuşdur. Mərasimdən əvvəl nazirlər Əli Nağıyev və Aleksandr Poçinok çıxış etdilər.
Ə.Nağıyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərindən və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyaya dövlət səfərindən sonra ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxdığını xüsusi vurğulayaraq dedi: Biz hamımız belə bir prosesin şahidiyik ki, dövlətlərimizin liderləri müxtəlif məsələlərə dair fəal surətdə əməkdaşlıq edirlər. İqtisadi münasibətlərin inkişafı ilə yanaşı, mədəniyyət, elm və təhsil sahələrində əlaqələr də getdikcə vüsət alır. Ölkələrimiz dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Rusiya arasında 90-dan artıq normativ-hüquqi sənəd, o cümlədən dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə, habelə birgə Bakı Bəyannaməsi kimi müstəsna əhəmiyyətə malik sənədlər imzalanmışdır. Azərbaycan Prezidentinin bu yaxınlarda Moskvaya işgüzar səfəri ölkələrimizin strateji tərəfdaşlığına daha bir sübutdur.
Ə.Nağıyev bildirdi ki, Azərbaycan ilə Rusiya arasında sosial inkişaf sahəsində əməkdaşlıq pensiya təminatı, informasiya mübadiləsi, sanatoriya-kurort müalicəsi və əlillərin reabilitasiyası kimi məsələləri əhatə edir. Azərbaycan bu əməkdaşlıq çərçivəsində Rusiyadan əlillər üçün müxtəlif reabilitasiya vasitələri, o cümlədən ortopedik protez yarımfabrikatları alır.
Aleksandr Poçinok çıxışında dedi ki, ölkələrimizin dövlət başçılarının görüşlərinin yekunları göstərir ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin əhəmiyyətli dərəcədə tərəqqisinə nail olmaq mümkündür. Bizim əsas vəzifəmiz dövlət başçılarının imzaladıqları razılaşmaları və sazişləri həyata keçirmək, əməkdaşlığın bütün istiqamətlərində irəliləməkdən ibarətdir. Mən Azərbaycandan dərin məmnunluq hissi ilə gedirəm. Əminəm ki, miqrasiya, informasiya mübadiləsi, əmək və məşğulluq, uşaq əməyinin mühafizəsi sahəsində əməkdaşlığımız səmərəli nəticələr verəcəkdir.
Əli Nağıyev və Aleksandr Poçinok əməkdaşlıq haqqında protokolu imzaladılar.