Əmmanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub
Əmman, 11 may, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan səfir Sabir Ağabəyov müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs edib, onun xalqımız və Vətənimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Ölkəmizin yenidən müstəqillik qazanmasından sonra xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsində, vətəndaş müharibəsinin qarşısının alınmasında və ölkədə ictimai-siyasi və iqtisadi sabitliyin bərqərar olunmasındakı misilsiz roluna toxunan diplomat Azərbaycanın xarici siyasətindəki uğurlarının məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu söyləyib. Səfir eyni zamanda bu gün Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bütövlükdə dünya azərbaycanlıları üçün sevindirici hal olduğunu qeyd edib.
Sonra İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi X.Həmşavi 1981-ci ildə Bakıda olarkən Heydər Əliyevlə keçirdiyi görüşün xoş təəssüratlarını bölüşüb və elə bu görüşdən aldıqları müsbət enerji sayəsində Heydər Əliyevin Sovet Azərbaycanı haqqında yazdığı kitabı ərəb dilinə tərcümə etdiklərini bildirib.
Tədbirdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Qadınlar komitəsinin sədri Zümrüd Dadaşovanın Heydər Əliyevinin həyatı və fəaliyyəti barədə ingilis dilində məruzəsi dinlənilib.
Qonaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı filmə baxıblar.
Sonra tədbir iştirakçıları Əmman şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan meydana əklil qoyaraq, Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad ediblər.
Eyni zamanda İordaniyanın nüfuzlu “Əl-Diyar” qəzetində də ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar məqalə dərc edilib. Məqalədə müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat yer alıb. Yazıda Azərbaycan və İordaniya xalqları arasındakı dostluq əlaqələrinin bünövrəsinin ümummilli lider Heydər Əliyev və Kral Hüseyn bin Talal tərəfindən qoyulduğu və bu dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində Prezident İlham Əliyevin və Kral II Abdullahın böyük rollarının olduğu vurğulanıb.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman