Energetika Nazirliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Milli dövlətçilik tariximizə qanla yazılmış 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Energetika Nazirliyində anım tədbiri keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən nazirliyin aparat rəhbəri İftixar Hüseynov 26 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdi.
20 Yanvar faciəsinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan İ.Hüseynov xatırladıb ki, olduqca mürəkkəb bir vəziyyətdə Ulu Öndər ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan edib. Məhz Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlər üzə çıxıb. İllər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman bizimlədir. Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılması, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində lazımi addımlar atılır.
Anım mərasimi Vahid Mustafayevin ssenari müəllifliyi və rejissorluğu ilə çəkilmiş “Qanlı Yanvar” filminin nümayişi ilə başa çatıb.