ENERGETİKANIN TƏHLÜKƏSİZLİYİNƏ DAİR TBİLİSİ KONFRANSI BAŞA ÇATMIŞDIR
Valeh Ələsgərov AZƏRTAC-ın müxbiri ilə söhbətində konfransda Azərbaycanın iştirakından və Gürcüstana səfəri zamanı ölkə rəsmiləri ilə görüşlərindən danışaraq demişdir: “Konfransın hazırda başlıca məsələlərdən olan energetika təhlükəsizliyinin təmin edilməsi yollarının axtarılması baxımdan böyük əhəmiyyəti vardır. Bu sahədə lazımi tədbirlər görülməsə, bir sıra ölkələr problemlərlə qarşılaşa bilərlər”.
Parlament sədrinin müavini Azərbaycan nümayəndələrinin konfransın işində və müzakirələrdə fəal iştirak etdiklərini, dəyərli təkliflər irəli sürdüklərini və bu təkliflərin müsbət qarşılandığını və forumun sənədlərində əksini tapacağını diqqətə çatdırmışdır.
V.Ələsgərov Gürcüstan parlamentinin sədri Nino Burcanadze və Baş nazir Zurab Noğaideli ilə görüşlərindən də danışaraq bildirdi ki, görüşlərdə parlamentlərarası əlaqələr və dövlətlərarası iqtisadi münasibətlər, əməkdaşlığın yeni formaları müzakirə edildi, yeni layihələrə toxunuldu, texniki səbəblər üzündən meydana çıxan problemlər, onların həlli yolları barədə fikir mübadiləsi aparıldı.