ENERGETİKLƏR GÜNÜ MÜNASİBƏTİLƏTƏDBİR KEÇİRİLMİŞDİR
Baş nazirin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin Azərbaycan energetiklərinə təbrik məktubunu oxumuşdur.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev təbrik məktubuna, bir qrup energetikin ölkənin orden və medalları ilə təltif edilməsi, eləcə də fəxri adların verilməsi haqqında sərəncamlar imzaladığına görə qurumun kollektivi adından ölkəmizin Prezidentinə təşəkkürünü bildirmişdir. O, energetiklərin peşə bayramının təsis edilməsi haqqında dövlətimizin başçısı İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncam imzaladığını, bu bayram gününün “Azərenerji”nin yaradılmasının 70 illik yubileyi ilə eyni vaxta düşdüyünü diqqətə çarpdırmışdır. E.Pirverdiyev Azərbaycan energetika sənayesinin tarixindən, görülən işlərdən, qarşıda duran vəzifələrdən danışmış, ümummilli liderimiz Heydər Əliyevin bu sahənin inkişafında misilsiz xidmətlərini, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını vurğulamışdır. Bildirilmişdir ki, ölkəmizin başçısının iştirakı ilə bu il avqustun 12-də Sumqayıtda 506 meqavatlıq buxar-qaz qurğusunun təməli qoyulmuşdur.
Sənaye və energetika naziri Məcid Kərimov demişdir ki, respublikamızda energetikanın etibarlı və davamlı əsası xalqımızın dahi rəhbəri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəbbusü və rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində 2400 meqavat gücündə Azərbaycan DRES, “Tərtər” və “Şəmkir” SES-lər tikilib istifadəyə verilmişdir. Onun bilavasitə rəhbərliyi ilə “Yenikənd” SES tikilmiş, “Bakı” İEM-1 və Mingəçevir SES yenidən qurulmuş, regionda bənzəri olmayan 400 meqavatlıq “Şimal” DRES inşa edilmişdir. Bu sahədə qanunvericilik bazasının yaradılması və möhkəmləndirilməsi üzrə də mühüm işlər görülmüşdür. Ümummilli liderimizin siyasi və iqtisadi siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin energetikanın inkişafına xüsusi diqqət yetirdiyini bildirən natiq, ölkəmizin başçısı tərəfindən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər üzrə) Dövlət Proqramı”nın müvafiq sərəncamlarla təsdiq etdiyini nəzərə çarpdırmışdır.
Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov bayram münasibətilə ürək sözlərini söyləmişlər.
MDB elektrik energetikası şurası icraiyyə komitəsinin sədri Yevgeni Mişuk “Rusiya VES” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Anatoli Çubaysın təbrikini çatdırmış və təmsil etdiyi qurum tərəfindən Azərbaycanın 30 nəfərdən artıq energetikinə “MDB ölkələrinin əməkdar energetiki” fəxri adının verildiyini elan etmişdir.
Sonra Prezidentin Sərəncamı ilə təltif olunmuş energetiklər adından “Azərenerji” ASC-nin vitse-prezidenti, “Şöhrət” ordenli Marlen Əsgərov çıxış edərək, yüksək dövlət mükafatına görə həmkarları adından ölkəmizin başçısına dərin minnətdarlığını bildirmişdir.
Sonda Prezident İlham Əliyevə Azərbaycan energetikləri adından müraciət qəbul olunmuşdur.