Enerji Effektivliyi Fondunun vəsaitlərindən istifadə imkanları genişləndirilir
Bakı, 7 iyul, AZƏRTAC
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna bir sıra dəyişiklik təklif edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iyulun 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsində nəzərdə tutulan Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqinin və saxlanılmasının, altsistemlərinin yaradılmasının, habelə Qanunun 18-ci maddəsində nəzərdə tutulan müvafiq sahədə informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin, həmçinin Enerji Effektivliyi Fondunun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsinin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə hazırlanıb. Bununla da qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan maliyyə Fondun vəsaiti hesabına təmin ediləcək.
Qanun layihəsi enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib.