ENERJİ VƏ NƏQLİYYAT SAHƏSİNDƏ AZƏRBAYCAN-İRAN ƏMƏKDAŞLIĞI STRATEJİ MAHİYYƏT DAŞIYIR
Səfir qeyd etmişdir ki, dövlətlərimiz arasındakı münasibətlər qədim tarixə malik dostluq, mehriban qonşuluq prinsipləri üzərində qurulmuşdur. Bu münasibətlər xalqlarımızın mənafeyinə, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Diplomat demişdir ki, biz qonşuyuq, qardaşıq. İran Azərbaycandan, Azərbaycan isə İrandan bəhrələnməlidir. Sizin bizim ölkədə, bizim isə Azərbaycanda qohum-əqrəbamız yaşayır. Bizi yaxınlaşdıran təkcə adət-ənənələrimiz, mədəniyyətimiz, dinimiz deyil, hər iki ölkəni bir-birinə yaxınlaşdıran amillər çoxdur. İranın müsəlman xalqı Azərbaycanı öz doğma vətəni kimi sevir.
Səfir onu da vurğuladı ki, bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Mahmud Əhmədinejadın Naxçıvanda təkbətək görüşündə, hər iki ölkə prezidentlərinin iştirakı ilə geniş tərkibdə görüşdə dövlətlərarası münasibətlər haqqında danışıqlar aparılmış, indiyə qədər imzalanmış, razılaşdırılmış layihələr və məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Mədəniyyət, elm, beynəlxalq münasibətlər sayəsində əməkdaşlığı genişləndirməyin zəruriliyi qeyd edilmişdir.
Naxçıvanda prezidentlərin səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşündə qeyd olunmuşdur ki, dövlətlərimiz arasında münasibətlərdə heç bir məhdudiyyət ola bilməz. Günbəgün inkişaf edən əlaqələrimiz, əməkdaşlığımızdakı bütün müsbət meyillər geniş ictimaiyyətə çatdırılmalı, bunu hər kəs bilməlidir.
Səfir Əfşar Süleymani jurnalistlərin Azərbaycan-İran əlaqələrinə dair suallarına cavab vermişdir.