ƏNN DÖRS: AZƏRBAYCAN STRATEJİ ƏHƏMİYYƏTLİ REGİONDA ABŞ-IN MÜHÜM TƏRƏFDAŞIDIR
Diplomat təsdiqləmişdir ki, Xəzərin enerji ehtiyatlarının işlənilməsi və onların dünya bazarlarına daşınması ABŞ hökumətinin regionda apardığı siyasətin öncül istiqamətlərindən biridir.
Xanım Dörs Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə toxunaraq bildirmişdir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevin və Robert Koçaryanın irəlidəki həftələrdə qarşılıqlı məqbul sülh sazişinə nail olacaqlarına ümid bəsləyirlər. O demişdir: “Biz danışıqlar prosesinin mühüm mərhələsindəyik. Bu il danışıqlar yolu ilə razılaşmaya nail olmaq üçün mühüm imkanlar açılır. Zorakılığa qayıdış faciə olardı”.
Dörs vurğulamışdır ki, “Bakının demokratiyaya və qanunun aliliyinə sadiqliyi möhkəmləndikcə, Azərbaycanla münasibətlərimizin gələcəyi getdikcə daha ümidverici olacaqdır. Azərbaycan strateji cəhətdən mühüm olan, siyasi və iqtisadi mənafelərimiz, habelə təhlükəsizlik sahəsində mənafelərimiz baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edən regionda Birləşmiş Ştatların mühüm tərəfdaşıdır”.
Diplomat əmin etmişdir ki, “ABŞ Xəzərdə təhlükəsizliyin təmin edilməsi sahəsində, nüvə silahının yayılmaması, terrorizmlə, narkotiklər, silah qaçaqmalçılığı və insan alveri ilə mübarizə rejimlərinin möhkəmlənməsində Azərbaycanla əməkdaşlığı genişləndirmək və dərinləşdirmək istəyir”.