EPIC-in tədqiqatı: çirklənmiş hava siqaret çəkməkdən daha təhlükəlidir
Bakı, 30 avqust, AZƏRTAC
Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun (EPIC) hazırladığı araşdırmaya görə, tütün və ya alkoqoldan daha təhlükəli olan hava çirkliliyi dünyanın bəzi regionlarında, o cümlədən Asiya və Afrika ölkələrində getdikcə artan problemə çevrilir. AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, havanın bərk hissəciklərlə çirklənməsi insan sağlamlığı üçün dünyada ən böyük xarici risk olaraq qalır. Buna baxmayaraq, havanın çirklənməsi ilə mübarizəyə ayrılan vəsaitin payı, məsələn, yoluxucu xəstəliklərlə mübarizəyə ayrılan vəsaitin yalnız kiçik bir hissəsini təşkil edir.
Kiçik dispers hissəciklər yanğınlar, sənaye fəaliyyəti və nəqliyyat vasitələrinin istismarı nəticəsində əmələ gəlir. Onlar kanserogendir və ağciyər xəstəlikləri, ürək xəstəlikləri, insult riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ağciyər xərçənginin 36 faizi, insultların 34 faizi və ürək-damar xəstəliklərinin 27 faizi bu emissiyalarla əlaqədardır. 2021-ci ildə toplanmış məlumatlara əsaslanan EPIC-in hesablamalarına görə, ÜST-nin kiçik dispers hissəciklərə məruz qalma həddinə əməl edilməsi qlobal ömür müddətini 2,3 il artıracaq. “Avropanın 98,4 faizi hələ də ÜST-nin 5 mg/m3-lik yeni təlimatlarına cavab vermir”, - deyə hesabatda vurğulanır.
Ümumiyyətlə, son bir neçə onillikdə Avropada havanın keyfiyyəti yaxşılaşıb. Bununla belə, bütün bu səylər müəyyən səviyyədə havanın ciddi şəkildə çirklənməsinə səbəb olan, temperaturun yüksəlməsi və iqlim dəyişikliyi ilə əlaqəli daha tez-tez baş verən quraqlıq dövrlərində yaranan meşə yanğınlarının sayının artması nəticəsində təhlükə altındadır.
Eyni zamanda, bütün Avropada mənzərə dəyişir: EPIC tədqiqatçıları bildirirlər: “Şərqi Avropalılar çirkli havaya görə qərbdəki qonşularından 7,2 ay az yaşayırlar”.
Yüksək dərəcədə çirklənmiş əraziyə misal olaraq İtaliyanın şimalındakı Po vadisini göstərmək olar. Çirklənmə səviyyəsi ÜST standartlarına cavab verərsə, sakinlərin ömrü 1,6 il arta bilər.
Avropanın ən çirkli ölkəsi insanların 1,8 il ömrünü itirdiyi Bosniya və Herseqovina olaraq qalır.
Dünyada havanın çirklənməsinə məruz qalanların dörddə üçü altı ölkənin payına düşür. Banqladeş, Hindistan, Pakistan, Çin, Nigeriya və İndoneziya bundan ən çox zərər çəkən ölkələrdir. Hesabatda belə izah edilir ki, onların sakinləri "nəfəs aldıqları havaya görə ömürlərini bir ildən altı ilədək itirirlər".
Yeni Dehli illik orta hesabla 126,5 mg/m3-ə çatan kiçik dispers hissəciklərin miqdarı ilə dünyanın ən çirklənmiş metropolisi olaraq qalır. ÜST havanın keyfiyyətini 5 mg/m3-dən aşağı saxlamağı tövsiyə edir.
EPIC alimlərinin fikrincə, vəziyyət heç də yaxşı deyil, çünki bir çox ölkələrdə havanın çirklənməsi ilə mübarizə üçün əsas infrastruktur yoxdur. Asiya və Afrika "çirklənmə nəticəsində itirilən həyat illərinin 92,7 faizini təşkil edir, lakin bu qitələrdə hökumətlərin müvafiq olaraq yalnız 6,8 və 3,7 faizi öz vətəndaşlarına tam təmiz hava keyfiyyəti haqqında məlumat verir".
Qlobal Fond QİÇS, vərəm və malyariya ilə mübarizə üçün 3,7 milyard avro xərcləyir, lakin havanın çirklənməsi ilə mübarizə üçün analoji beynəlxalq layihə yoxdur. Mütəxəssislər qeyd edirlər ki, havanın çirklənməsi, məsələn, Konqo Demokratik Respublikası və ya Kamerun sakinləri üçün QİÇS, malyariya və ya digər xəstəliklərdən daha çox ölümcüldür.