ERMƏNİ TERRORİZMİNİN VƏHŞİ XİSLƏTİNİ İFŞA EDƏN KİTAB
AZƏRTAC xəbər verir ki, yazıçı-publisist Sabir Şahtaxtının “Nurlan” nəşriyyatında yenicə çapdan çıxmış “Böyük Çin səddi erməni terrorizminin hədəfində” kitabında dünya terror şəbəkəsində öz qəddarlığı və vəhşiliyi ilə seçilən erməni cəlladlarının qanlı əməllərinin daha bir səhifəsi tarixi fakt və sübutlar əsasında qələmə alınmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanı informasiya blokadasından çıxarmaq, eləcə də ermənilərin əsil simasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün göstərdiyi səyləri davam etdirmək, bu mövzuda yeni faktları, dəlil və sübutları sistemləşdirib ortaya qoymaq Azərbaycan ziyalısının vətəndaşlıq borcu, fəaliyyət amalıdır. “Böyük Çin səddi erməni terrorizminin hədəfində” kitabı bu istiqamətdə atılan dəyərli addımlardan biridir. Artıq dünya ictimaiyyətinə məlumdur ki, erməni terrorizminə ən çox məruz qalan Azərbaycandır. Lakin bu antibəşəri qüvvə ilə mübarizə təkcə azərbaycanlıların və Azərbaycan dövlətinin işi deyildir. Çünki heç bir xalq və dövlət erməni terrorizminin hədəfi olmaqdan sığortalanmayıbdır.
Müəllif bu kitabında özlərini sivil xalq adlandıran ermənilərin vəhşi əməllərini, terrorun onlardan ötrü öz mənfur niyyətlərinə çatmaq üçün adi bir vasitə olduğunu və dünyanın bir sıra dövlətlərinin ermənilərin belə bədnam fəaliyyətini himayə etməsini faktlarla sübuta yetirir.
Tanınmış jurnalist Aslan Aslanovun ön sözü və redaktorluğu ilə işıq üzü görmüş bu kitabda müəllif Böyük Ermənistan” xülyasının əslində qanlı bir nağıl olduğunu əsaslandırılmış şəkildə oxucuya çatdırır. Yüz illər boyu müxtəlif dövlətlərin ərazilərində qanlı cinayətlər törədən, insanları vahimədə saxlayan erməni cəlladlar, dünyanın ən qüdrətli dövlətlərindən sayılan Çini hədəfə almaqla terrorun onlar üçün adi iş olduğunu bir daha təsdiq edirlər.