Erməni vandalizmi təkcə türklər və azərbaycanlılar deyil, bütün bəşəriyyət üçün təhlükədir
Bakı, 1 aprel (AZƏRTAC). Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə paytaxtda yerləşən ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən tələbə gənclər və qeyri-hökumət təşkilatları nümayəndələrinin Qubadakı kütləvi məzarlığa səfərini təşkil etmişdir.
Səfərin məqsədi Bakı şəhərində yerləşən ali və orta ixtisas müəssisələrinin tələbələrinə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərinin əyani surətdə göstərməkdən ibarət olmuşdur.
AZƏRTAC xəbər verir ki, ziyarətçilərə 1918-ci ildə Qubada erməni daşnak dəstələri tərəfindən törədilmiş qətliamın qurbanları barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ermənilər qətlə yetirdikləri dinc azərbaycanlıların az bir qismini burada qazdıqları quyulara doldurmuşlar.
Məlumat verilmişdir ki, aşkarlanan iki quyudan birinin diametri 5, digərininki 2,5 metrdir. Onlar arasında iki metr məsafə vardır. Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılmışdır. Böyük quyuda yüzlərlə insan skeletləri vardır. Kiçik quyunun ağzı isə hələ açılmamışdır. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra şaqqalanaraq buraya atıldığını göstərir. Çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olmuşdur. Ümumilikdə isə tədqiqat zolağında iki arxda qazıntılar aparılmış və 196-dan artıq insanın sümükləri aşkarlanmışdır.
Onların 50-si qadınlara, qalanları isə yaşlı və körpələrə aiddir. Bəzi kəllə sümüklərinin üzərində paslı mismarlar var. Bunlar günahsız insanların ermənilər tərəfindən işgəncələrlə qətlə yetirilməsinin sübut edən dəlillərdir.
Gənclər gördükləri dəhşətli mənzərədən sarsıldıqlarını bildirmiş, erməni vandalizminin təkcə türklər və azərbaycanlılar deyil, bütün bəşəriyyət üçün təhlükə olduğunu söyləmişlər.