QAN YADDAŞI
ERMƏNİ VANDALİZMİNDƏN BƏHS EDƏN “SÖZÜN BİTDİYİ ZAMAN” SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI OLMUŞDUR
Bakı, 12 yanvar (AZƏRTAC). Yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi çərçivəsində “Trend” informasiya agentliyinin hazırladığı “Sözün bitdiyi zaman” sənədli filminin təqdimat mərasimi keçirilmişdir.
“Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov bildirmişdir ki, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımından bəhs edən “Sözün bitdiyi zaman” sənədli filmi Ermənistanın işğalçılıq siyasətinin mahiyyətinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli hadisədir. Eyni zamanda vurğulanmışdır ki, erməni vəhşiliklərindən bəhs edən filmlərin və kitabların sayının çox olması Ermənistanla informasiya müharibəsində qalib gəlməyimizə kömək edəcəkdir.
Sonra tarixi faktları əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Təqdimat mərasimində Milli Məclisin deputatı Qənirə Paşayeva yaradıcı heyəti təbrik edərək bildirmişdir ki, Ermənistanın işğalçılıq planlarının gənc nəslə çatdırılmasında belə filmlərin əhəmiyyəti böyükdür. Natiq bildirmişdir ki, bu tipli ekran əsərləri xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizə, diaspor təşkilatlarımıza paylanmalı və Qarabağ münaqişəsi barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır.
Filmin ssenari müəllifi Emil Hüseynli qeyd etmişdir ki, bu ekran əsərinin çəkilməsində məqsəd ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımı siyasətini və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə xain qonşularımızın uzun illər boyu azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tarixi xronologiyası təqdim edilmiş, eyni zamanda, erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı törədilən vəhşiliklər barədə məlumat verilmiş, faciə şahidlərinin fikirləri yer almışdır.
E.Hüseynli ermənilərin insanlığa qarşı törətdikləri cinayətlərin xarici ölkələrin telekanallarında nümayiş etdirilməsi məqsədi ilə filmin rus və ingilis dillərində də hazırlandığını vurğulamışdır.
Çıxış edən digər natiqlər də ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərdən bəhs edən və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını əks etdirən sənədli filmin əhəmiyyətini diqqətə çatdırmışlar.