ERMƏNİLƏR MUĞAMLARIMIZI DA ÖZ ADLARINA ÇIXIRLAR
Fransadakı “Fnaq” mağazalarının dünya musiqisi şöbəsində müxtəlif xalqların musiqisi yazılmış disklər satılır. Onların arasında bir disk diqqəti cəlb edir. Hələ 8 il bundan öncə buraxılmış diskin bir üzündə “Erməni qaynaqları. Yeqiş Manukyan, Qagik Muradyan və Arayiq Vartikyan”, o biri üzündə isə onların tütək, kamança və balabanda ifa etdikləri “Humayun”, “Çahargah”, “Bayatı şiraz”, “Bayat kürd”, “Segah” muğamlarımızın, “Uzundərə” onun havasının adları yazılmışdır.
Məlumatda Ermənistanın qədim bir dövlət və sivilizasiya mərkəzi kimi eramızdan əvvəl XIV əsrdə mövcudluğu, hətta indiki İstanbulun vaxtilə “Qərbi Ermənistanın” paytaxtı olduğu, erməni musiqisinin daha qədim folklor əsasında yarandığı və bu sahədə aşıqların (bu söz olduğu kimi verilmişdir) xüsusi xidmətləri qeyd edilmişdir.
Daha sonra “erməni xalqının qədim musiqi alətləri” tütək, kamança və nağara barədə məlumat verilmiş, “Humayun”, “Çahargah”, “Bayatı şiraz” kimi muğamlarımızın “ənənəvi erməni melodiyalarının əsasını” təşkil etdiyi göstərilmişdir.
Vaxtilə ölkəmizdə altı ay qalaraq, musiqi mədəniyyətimizlə maraqlanmış, udda çalmağı öyrənmiş, bu gün isə Azərbaycan musiqisinin Fransada böyük təbliğatçısı kimi tanınmış Mark Lopüitin diskin işıq üzü görməsində müəyyən xidmət göstərməsi təəssüf doğurur. Biz bunu ona irad tutduqda dedi ki, “həmin dövrdə mən Azərbaycanı tanımırdım”.
Ölkəmizə və xalqımıza böyük rəğbət hissi ilə yanaşan, hətta onu sevən fransızlar haqlı olaraq bildirirlər ki, musiqimiz yazılmış disklərin Avropa ölkələrində yayılmasında Azərbaycanın səsyazma studiyaları nədənsə təşəbbüs göstərmirlər. Bu işlə Fransa, Almaniya və Hollandiyanın səsyazma studiyaları məşğul olur. Ermənilər isə özlərinin xəbis məqsədlərinə çatmaq üçün heç nədən çəkinmir, indi də Azərbaycan xalqının milli-mədəni sərvətlərinə qarşı təcavüz kampaniyasını genişləndirirlər. Biz isə hələ ki, “ənənəvi” arxayınçılığımızdan əl çəkmək istəmirik. Bunun isə nəticəsi sonralar çox ağır olur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris