ERMƏNİLƏRİN BEYNƏLXALQ DAİRƏLƏRDƏ AZƏRBAYCANI LƏKƏLƏMƏK SƏYLƏRİ MÜTLƏQ PUÇA ÇIXACAQDIR
- Cənab səfir, məlumdur ki, Ramil Səfərov barəsində cinayət işi ilə bağlı Ermənistan bir sıra beynəlxalq dairələrdə kampaniya aparır və bu məsələdən Azərbaycanı ləkələmək üçün istifadə edir. Budapeştdə baş vermiş hadisə BMT-yə necə çatdırılıb?
- Ermənistan beynəlxalq dairələrlə yanaşı, BMT-də də bu cür kampaniyaya başlamaq istəyirdi, bu məsələyə dair xüsusi məktub yaymışdı. Buna erməni hoqqabazlığından başqa ad vermək olmaz. Çünki ermənilər istintaq yekunlaşmamış, Azərbaycanı “ermənifobiyada” ittiham edərək, özlərinə siyasi kapital qazanmaq istəyirlər. Biz, bunun mahiyyətini yaxşı bilirik. Azərbaycan tərəfi onların BMT-də yaydığı məktuba sərt cavabını bildirmişdir. Nümayəndəliyimizin Baş katibə və Təhlükəsizlik Şurasına göndərdiyi sənəddə vurğulanır ki, Azərbaycan baş verən hadisədən təəssüflənir. Eyni zamanda, bildirilir ki, istintaq gedir, məhkəmə olmalıdır, yalnız bundan sonra hansısa nəticədən danışmaq olar. Mən qəti surətdə deyirəm ki, BMT-dəki nümayəndəliyimiz ermənilərin imicimizə zərər gətirmək səylərinin hamısına cavab verəcək və Azərbaycanın mövqeyini ardıcıl surətdə müdafiə edəcəkdir.
- BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi dörd qətnamə 10 ildən artıqdır ki, kağız üzərində qalıb. Onların həyata keçirilməsi üçün hələ ki, heç bir addım atılmayıb…
- Sualınız çox vacibdir. Mən çalışacağam cavabımda dəqiq olum və faktlara əsaslanım. Bu qətnamələrin Azərbaycandan ötrü və münaqişənin həlli üçün siyasi əhəmiyyəti böyükdür. Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiqləmişdir. Bu, rəsmi sənəddə yazılıb və hələlik kağız üzərində qalsa da, ermənilər bunun nə demək olduğunu yaxşı bilirlər. Digər məqam ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair məsələni sonuncu dəfə 1995-ci ilin aprelində müzakirə etmişdir. O vaxtdan bəri Dağlıq Qarabağ məsələsi BMT-nin cari gündəliyinə daxil olunmamışdır. Səbəbi də budur ki, münaqişənin həlli məsələsi ilə bilavasitə ATƏT məşğul olur. BMT bəyan edib ki, ATƏT-ə yardım göstərəcəkdir. Bu məqam məşhur “BMT-ATƏT əməkdaşlığı” qətnaməsində də qeyd edilmişdir. BMT bu məsələdə ATƏT-in fəaliyyətini dəstəkləyir və lazımi texniki və ya siyasi ekspertiza təmin etməyə hazırdır. Məlumdur ki, ATƏT çərçivəsində müəyyən iş aparılır. Bununla belə, bizim istənilən vaxt BMT Təhlükəsizlik Şurasına müraciət edərək, Dağlıq Qarabağın müzakirəsini tələb etməyə haqqımız çatır.
- Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən dəfələrlə narazılığını bildirib. Hətta bəzi dairələr vasitəçilik formatını dəyişməyi tələb edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliyin BMT-yə keçməsi nə dərəcədə realdır?
- Bu, hələ ki, bir fərziyyədir. Amma BMT-nin Əsasnaməsi bunun üçün kifayət qədər qanunverici baza təmin edir. BMT-nin üzvü kimi bizim Təhlükəsizlik Şurasına müraciət etməyə haqqımız çatır.
- 2003-2005-ci illərdə Azərbaycan BMT-nin altı əsas orqanından biri olan İqtisadi və İctimai Şurada (İİŞ) üzvlüyünü yerinə yetirir. Bu müddətin artıq yarısı arxada qalmışdır. Azərbaycanın buradakı fəaliyyətini necə qiymətləndirirsiniz?
- Düzdür, Azərbaycan Şuradakı üçillik üzvlük müddətinin, demək olar ki, yarısındadır. Ümumiyyətlə, Şura üç il müddətə seçilən 54 üzvdən ibarətdir. Bu yerlər coğrafi olaraq Afrika, Asiya, Şərqi Avropa, Latın Amerikası və Karib adaları, Qərbi Avropa üzrə və digər dövlətlərə verilir. Bu il Azərbaycanı Şuranın dörd vitse-prezidentlik yerlərindən birinə seçiblər. Biz bu vəzifədə Şərqi Avropa dövlətlərini təmsil edirik. Bu vəzifə üzərimizə yeni öhdəliklər qoymuşdur. Hazırda mən, İİŞ rəhbərliyinin tərkibində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə keçiriləcək Vaşinqton görüşünə hazırlaşıram. Bu görüş aprelin 26-da İİŞ və beynəlxalq maliyyə və ticarət təsisatları arasında Nyu-Yorkda baş tutacaq dialoqa hazırlıqdır. Şura qarşısında duran əsas məsələlərdən biri inkişafda olan ölkələrə yardım etmək və bu yardımın maliyyə mənbələrini tapmaqdır. Birgünlük dialoq çərçivəsində biz “İnkişaf etmiş ölkələrin rolu nədən ibarət olmalıdır?”, “İnkişafda olan ölkələrin funksiyaları hansılardır?” suallarına cavab tapmaq üçün ciddi müzakirələr aparacağıq.
Azərbaycan vitse-prezident vəzifəsində BMT-nin digər agentlikləri ilə Şuranın münasibətlərini əlaqələndirir. Bu çərçivədə biz, kənd ərazilərinin inkişafı ilə bağlı sahə ilə məşğul oluruq. Prezidentimiz İlham Əliyevin son Fərman və Sərəncamları baxımından bu məsələ Azərbaycan üçün əhəmiyyət kəsb edir. Çalışırıq bu sahədə dünya təcrübəsi ilə yaxından tanış olaq, beynəlxalq qurumlarla təmas yaradaq. İİŞ-in bu ilin iyun ayında illik sessiyası keçiriləcəkdir. Sessiyada Azərbaycandan gələn yüksək səviyyəli nümayəndə heyətinin fəal iştirakını gözləyirik. Bu sessiyada ölkəmizdə kənd təsərrüfatının inkişafına yardım üçün mühüm nəticələr əldə edə bilərik.