ERMƏNİLƏRİN VƏ ONLARIN HAVADARLARININ İÇ ÜZÜ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA DA İFŞA OLUNUR
Kitab rusdilli mühacir kütləvi informasiya vasitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İslam dünyasına məxsus olduğu üçün, bir qayda olaraq, mənfi yöndən səciyyələndirilən azərbaycanlılar haqqında çoxsaylı qeyri-obyektiv, qərəzli məlumatlar yayan vicdansız müəlliflərə danılmaz faktlara əsaslanan qətiyyətli cavabdır.
Əsərdə bildirilir ki, dünya mədəniyyətinə C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, S.Vurğun, M.Müşfiq kimi ədib və şairlər, demokratiya tarixinə Fətəli xan Xoyski, Nəsibbəy Yusifbəyov, Həsən bəy Ağayev kimi şəxsiyyətlər bəxş etmiş Azərbaycan xalqının gəlmə ermənilərin fitnə-fəsadlarından, xəyanətindən, məkrindən qorxmadan öz əzəli, doğma torpağında azad yaşamağa qanuni haqqı vardır.
Ermənilərin və onların havadarlarının Azərbaycan xalqına qarşı zaman-zaman törətdikləri soyqırımları xatırladan müəllif qeyd edir ki, indiki bəzi qüdrətli dövlətlərin hələ mövcud olmadığı bir dövrdə bu mədəni və sülhsevər xalqın Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif, Vazeh, Natəvan kimi görkəmli nümayəndələri bütün dünyada tanınmışdılar və bu faktı heç kim unutmamalıdır!