Ermənilərin Xocalıda törətdikləri soyqırımı XX əsrin ən dəhşətli faciəsidir
Bakı, 23 fevral, İbrahim Əsədov, AZƏRTAC
Fevralın 23-də Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, anma mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bədnam ermənilərin qanlı cinayətlərindən danışıb.
Qeyd olunub ki, düşmənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı XX əsrin ən dəhşətli faciəsidir. O müdhiş gecədə düşmən keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının əsgər və zabitləri ilə birlikdə Xocalını yerlə-yeksan edib, günahsız insanları - qocaları, qadınları, uşaqları, gəncləri qəddarcasına qətlə yetirib. Qırğın nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq qanına qəltan olunub.
Rektor tariximizə qanla yazılan Xocalı soyqırımına ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.
Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Heydər Əliyev Fondu və Fondun Rusiya nümayəndəliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Qəsbkar ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini vurğulayan akademik A.Məhərrəmov gəncləri vətənpərvərliyə çağırıb.
BDU-nun prorektoru, professor Sani Hacıyev, tarix fakültəsinin dosenti Boran Əziz soyqırımı ilə bağlı fikirlərini bölüşüb, erməni vəhşiliklərini tarixi fakt və dəlillərlə diqqətə çatdırıblar.
Sonra Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.