ERMƏNİSTANIN KEÇMİŞ PREZİDENTİ İSTEFA VERMƏSİNİN SƏBƏBLƏRİNİ AÇIQLAMIŞDIR
Levon Ter-Petrosyanın Ermənistan hökumətinin digər üzvləri ilə əsas fikir ayrılığı ondan ibarət olmuşdur ki, eks-prezident Dağlıq Qarabağ probleminin həlli olmadan ölkəsinin iqtisadi inkişafının mümkünsüzlüyünü bildirmişdir. Onun opponentləri, o cümlədən hazırkı prezident Robert Koçaryan, bunun əksini iddia etsələr də, Ter-Petrosyanın tərəfdarları Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmayınca, iqtisadiyyatda artımın mümkün olmayacağını iddia edirlər.
Ermənistanın keçmiş prezidenti bildirir ki, o hələ 1997-ci ildə ermənilərin yalnız döyüşü udduqlarını, müharibədə isə qələbə qazanmadıqlarını qeyd edərək, öz xalqını kompromisə getməyə çağırırdı. O zaman Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə tərəfdar olduğunu diqqətə çatdıran 61 yaşlı Ter-Petrosyan, bu yaxınlarada “Aykakan Jamanak” qəzetinə müsahibəsində özünün haqlı olduğunu vurğulamışdır. O, deyir: “Qarabağ amili gündəlikdə qaldıqca, Ermənistana kimin rəhbərlik etməsindən, onun nə dərəcədə ağıllı olmasından asılı olmayaraq, ölkə iqtisadiyyatının inkişafının normal gedişini təmin etmək mümkün olmayacaqdır. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması üzündən nəqliyyatın çox baha olması və ətraf aləmlə dəmir yolu əlaqəsinin kəsilməsi erməni ixracatçılarını boğacaq və xarici sərmayəçiləri qorxudacaqdır”. Ter-Petrosyan hələ 8 il əvvəl erməniləri bütün regional layihələrdən kənarda qalacaqları barədə də xəbərdar edirdi.
Hazırda Ter-Petrosyanın tərəfdarları yaxın illərdə Dağlıq Qarabağda status-kvonun saxlanılacağı halda, Ermənistanda iqtisadi və siyasi vəziyyətin gərginləşəcəyini bildirirlər. Onlar qeyd edirlər ki, Azərbaycan zəngin təbii ehtiyatlarının işə salınması istiqamətində nəhəng səylərinin bəhrəsini görməyə başlayır.
Ermənistanın eks-prezidentinin mətbuat katibi Levon Zurabyan “EurasiaNet” saytına müsahibəsində demişdir ki, hadisələrin gedişi Ter-Petrosyanın haqlı olduğunu sübut edir və Ermənistan iqtisadi cəhətən depressiyada qalmaqdadır.