SİYASƏT
Ersin Tatar Nyu-Yorkda Azərbaycan və Türkiyənin dəstəyindən danışıb
Ankara, 26 sentyabr, AZƏRTAC
Prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin dəstəyi sayəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) tarixində ilk dəfə müstəqil dövlət qismində beynəlxalq təşkilata müşahidəçi statusunda qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri ŞKTC Prezidenti Ersin Tatar Nyu-Yorkda türk sahibkarlarla keçirilən görüşdə deyib.
Şimali Kipr liderinin sözlərinə görə, Lefkoşa türk dövlətləri ilə müxtəlif sahələrdə əlaqələri inkişaf etdirir və Türk Dövlətləri Təşkilatı platforması bu prosesdə böyük rol oynayır.
Ersin Tatar türk Kiprinin müstəqillik kursunun dəyişməz olduğunu vurğulayıb. O qeyd edib ki, Kiprin federal quruluşu mövzusu artır öz aktuallığını itirib.
Siyasətçi xatırladıb ki, 2004-cü ilin aprelində adada BMT-nin Baş katibi Kofi Annanın VII planı ilə əlaqədar referendum keçirilib və Kipr türkləri həmin təklifi dəstəkləyiblər. Amma bu plan Kiprin yunan icması tərəfindən rədd edilib. “Məhz yunan tərəfi fikir ayrılıqlarını həll etmək üçün federal xəritədən imtina etdi. Onilliklər boyu davam edən danışıqlar prosesi sonunda səmərəsiz oldu və 2017-ci ilin iyulunda İsveçrədə keçirilən konfransdan sonra dayandırıldı”, -deyən ŞKTC Prezidenti Lefkoşanın bütün ölkələrlə mehriban qonşuluq və bərabərhüquqlu münasibətlərə hazır olduğunu bildirib.
Ersin Tatar daha sonra Kiprin geostrateji mövqedə yerləşməsinin əhəmiyyətini diqqətə çatdırıb: “Ölkəmiz Türkiyənin cəmi 40 mil cənubunda yerləşir. Şərqi Aralıq dənizinin ətraf əraziləri enerji ehtiyatları ilə zəngindir. Kiprdə iki hərbi baza var”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara