Əsassız pensiya işlərinin ləğvi nəticəsində il ərzində 238 milyon manata qənaət edilib
Bakı, 27 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 449 milyon manat və ya 21 faiz artaraq 2 milyard 558 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları keçən ilin eyni dövrünə nisbətən 434,3 milyon manat və ya 34,2 faiz artaraq 1 milyard 703 milyon manat olub.
Daxilolmalarla bağlı yarımillik proqnoz büdcə təşkilatları üzrə 110,1 faiz, qeyri-büdcə sektoru üzrə 117,3 faiz icra olunub.
Pensiya təyinatının şəffaflaşdırılması, əsassız pensiya işlərinin ləğvi nəticəsində il ərzində 238 milyon manata qənaət edilib.
Son 2 ildə əhaliyə ödənişlər 1,2 milyard manat artsa da, şəffaflığın təminatı və fəaliyyətin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində fondun gəlirlərində transfertin payı son iki ildə 38 faizdən 26 faizə enib.
Bu ilin birinci yarısında DSMF-nin fəaliyyətinin optimallaşdırılması üçün aparılan islahatlar çərçivəsində fərdi uçotun və mühasibatlığın, sosial ödənişlərin mərkəzləşdirilməsi təmin edilib.
Ötən dövrdə 85 mindən çox şəxsə məmur-vətəndaş təması olmadan, heç bir sənəd təqdim edilmədən, elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb, 324 min şəxsə isə e-arayış verilib.