ESTONİYA PARLAMENTİ SƏDRİNİN MÜAVİNİ KRİSTİİNA OYULANDIN ÇIXIŞI
- Hörmətli Prezident İlham Əliyev,
Hörmətli dövlət və hökumət başçıları,
Parlament üzvləri,
Xanımlar və cənablar,
Əziz dostlar!
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın ikinci zirvə görüşü çərçivəsində təşkil olunmuş bu cür mühüm və yüksək səviyyəli məclisdə bir çox əməkdaşlıq tərəfdaşlarının və dostların qarşısında çıxış etməkdən çox məmnunam. İlk növbədə, Estoniya Prezidenti cənab Toomas Hendrik İlvesin ən səmimi salamlarını qəbul etməyinizi xahiş edirəm. İcazə verin, Bakıda GUAM-ın ikinci zirvə görüşündə iştirak etmək məqsədi ilə xoş dəvətinizə görə sizə öz minnətdarlığımı bildirim. İzn verin, Sizi əmin edim ki, həmin dəvət ən yüksək hörmət və ehtiramla qəbul edilmişdir.
Estoniya GUAM məkanında baş verən hadisələri böyük məmnunluq hissi ilə yaxından müşahidə edir. Baxmayaraq ki, GUAM ölkələri ilə əməkdaşlıq səviyyəsi fərqlidir, Estoniya bütün dörd dövlətlə qurulmuş münasibətləri yüksək dəyərləndirir. Bunun üçün bir çox səbəblər var. Ən vacibi isə ondan ibarətdir ki, biz hamımız - Estoniya və GUAM ölkələri fəaliyyətimizi eyni prinsiplər üzərində qururuq: demokratiya yolunu seçmək, qanunun aliliyini təmin etmək, bərabərlik və qarşılıqlı hörmət prinsipi, xalqlarımızın təhlükəsizliyini və rifahını möhkəmləndirmək üçün intensiv iqtisadi əməkdaşlığı inkişaf etdirmək arzusu. Buna görə də dostluq və anlaşma səviyyəsini müəyyən edən məsafə deyil, bölüşdüyümüz dəyərlərdir. Bununla belə, icazə verin, GUAM ölkələrinin Estoniyanın xarici və daxili siyasət seçiminə verdiyi dəstəyə görə Estoniyanın adından öz dərin təşəkkürümü bildirim.
Hörmətli xanımlar və cənablar!
GUAM ölkələrinin ümumi məqsədlərindən biri Avropaya inteqrasiyaya doğru addımların atılmasıdır. Estoniya 2004-cü ilin mayından Avropa İttifaqının üzvüdür. Bu məqsədi qarşımızda qoyarkən, on il əvvəl getdiyimiz yolun bizi haraya aparacağını belə təsəvvür etmirdik. Biz buna şübhəli, bir az tərəddüdlə yanaşırdıq və müəyyən vaxt keçdikdən sonra, hər şey birdən-birə tam aydın oldu ki, biz nə edirik və nə üçün edirik. Struktur dəyişikliklərinin və apardığımız iqtisadi və sosial islahatların, ən başlıcası ölkəmizə və xalqımıza xidmət etdiyini anladıq.
Bunu bildirməklə, mən xüsusi vurğulamaq istəyirəm ki, Estoniya GUAM ölkələrinin Avropa ilə bağlı niyyətlərini bölüşür, xalqınızın rifahı naminə, o cümlədən güclü və inkişaf etmiş iqtisadiyyatın qurulması və beləliklə, ölkələrinizin suverenliyinin möhkəmləndirilməsi üçün aparılan islahatları tamamilə dəstəkləyir. Estoniya özünün imkanları və bacarığı səviyyəsində bu işlərdə sizə dost əlini uzatmağa hazırdır.
Bu baxımdan, Avropa İttifaqına yaxın olan ölkələrdə daha böyük iqtisadi inkişaf, sabitlik və daha yaxşı idarəçiliyi təşviq etmək məqsədi ilə tərtib olunmuş Avropa qonşuluq siyasəti yaxşı çərçivə hesab olunur. İslahatlar kimi çətin yolda qonşularına yardım etmək və Avropa İttifaqının hüdudlarından kənarda sabitlik və ümumi dəyərlər məkanını yaratmaq bizim qarşılıqlı marağımızdır. Beləliklə, Avropa qonşuluq siyasəti Avropa vətəndaşları, eləcə də tərəfdaş ölkələrin vətəndaşları üçün təhlükəsizlik və rifah siyasətidir. Buna görə də Estoniya Avropa qonşuluq siyasətinin bütün aspektlərdə daha da möhkəmləndirilməsini, o cümlədən bu siyasət çərçivəsində parlament əməkdaşlığını dəstəkləyir.
Bununla belə, demək istəyirəm ki, Avropa qonşuluq siyasəti Avropa İttifaqının xarici siyasətinin əsas prioriteti olaraq qalır. Bunun Avropa İttifaqının genişləndirilməsi prosesindən və siyasətindən fərqli olmasına baxmayaraq, o, Avropanın qonşularının İttifaq ilə sazişin müvafiq müddəaları əsasında münasibətlərinin hər hansı mümkün gələcək inkişafını istisna etmir. Avropa qonşuluq siyasətində iştirak Avropa İttifaqı ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün olduqca vacibdir. Bu baxımdan, GUAM ölkələri ilə əməkdaşlıq çox əhəmiyyətlidir. Təbii ki, güc tərəfdaşlıqdadır və o, səyləri gücləndirməyə və islahatları daha qətiyyətlə aparmağa xidmət edir. Üfüqləri açıb, səyahətə çıxmağa imkan yaradır.
Sonda icazə verin, səyahətə çıxdığınız gəminin GUAM ölkələrinin birgə uğurlu rəhbərliyi altında istənilən sahilə çatmasını arzulayım.
Qoy sizin hər zaman açıq-aydın planlarınız və üfüqləriniz olsun!
Qoy hər zaman bu yolda dostlarınız yanınızda olsun və sizi dəstəkləsin!