Estoniyalı nazir erməni vəhşiliyi barədə məlumatlandırılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Estoniyanın mədəniyyət nazirinə işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış tarixi abidələr barədə məlumat verilib.
Ölkəmizin Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Estoniyanın mədəniyyət naziri xanım Piret Hartman ilə keçirilən görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin potensialının mövcud olduğu qeyd edilərək, bu baxımdan, müvafiq mədəni tədbirlərin, sərgilərin, konsertlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Görüş əsnasında səfir Anar Məhərrəmov 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində bütün infrastrukturun, milli-mədəni, tarixi və dini abidələrin dağıdıldığını, bəzi şəhərlərin tamamilə yerlə yeksan olunduğunu qeyd edib.
İşğaldan azad edilmiş ərazilərimizin qısa zamanda bərpası, vaxtilə məcburi köçkün olmuş soydaşlarımızın tezliklə oraya qayıtmasına əsas maneə kimi həmin ərazilərdə minaların basdırılması təhlükəsinin mövcud olması vurğulanıb.
Həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Görüşün sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr etdirilən “Karabakh before and after occupation” adlı kitab xanım nazirə təqdim edilib.