ETSN-də dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü qeyd olunmuşdur
Bakı, 17 oktyabr (AZƏRTAC). Oktyabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov xalqımız üçün ən böyük sərvət olan dövlət müstəqilliyinin qorunub-saxlanılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmışdır. Bildirmişdir ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz ulu öndər tərəfindən qoyulmuşdur.
Nazir, həmçinin müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yarandığını, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, təbii sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır.
H.Bağırov qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin tövsiyələrini fəaliyyətində rəhbər tutan Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün vaxtilə başlanmış işləri uğurla davam etdirir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla, dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır.
H.Bağırov Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf xəttinin uğurla həyata keçirilməsi üçün rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının bundan sonra da əzmlə çalışacaqlarına əminliyini bildirmişdir.
Tədbirdə Milli Məclisin deputatı Fəttah Heydərov və Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının çıxışları dinlənilmişdir.
Sonda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə peşə bayramı ərəfəsində “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” medalları və “Əməkdar mühəndis” adına layiq görülmüş ETSN-in əməkdaşlarına mükafatlar təqdim olunmuşdur.