“Eurasia Hoy” portalı: “Azərbaycan-Meksika: müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq”
Vaşinqton, 5 fevral, AZƏRTAC
Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalı amerikalı siyasi icmalçı Piter Teyzin Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə müsahibəsini dərc edib. “Azərbaycan-Meksika: müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq” adlı məqalədə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin genişlənməsindən bəhs olunur.
Müsahibədə səfir Labardini təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair 2017-ci il oktyabrın 20-də imzalanan hökumətlərarası sazişin əhəmiyyətini xüsusi qeyd edib.
Məqalədə bildirilir ki, Azərbaycan ilə Meksika arasında 2015-ci ildə ticarət əlaqələrinin həcmi 22 milyon dolları ötüb, 2016-cı ildə isə ticarət dövriyyəsi 21 milyon dollardan çox olub. Bu, 1993-2015-ci illərdə qeydə alınan orta göstəricini 1,5 milyon dollar üstələyir.
Səfirin sözlərinə görə, Azərbaycan ilə Meksika arasında əməkdaşlığın inkişafının əsas yollarından biri elm və mədəniyyət sahələrində mübadilənin aparılmasıdır. Bu kontekstdə səfirliyin musiqi, rəssamlıq, qastronomiya, heykəltəraşlıq, rəqs və digər sahələrdə keçirdiyi mədəni tədbirləri xüsusilə qeyd etməyə dəyər.
Piter Teyz məqaləsində yazır ki, Meksika və Azərbaycan energetika sahəsində də əməkdaşlıq edirlər. Məsələn, Meksika Neft İnstitutunun nümayəndələri Bakıda səfərdə olarkən azərbaycanlı həmkarları ilə görüşüblər. Həmin görüşlərdə hər iki tərəf neft sektorunda əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton