Evdən pul, planşet və mağazadan mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 9 iyul, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonu ərazisindəki evlərin birindən 1000 manat məbləğində pul və 1600 manat dəyərində planşet, mobil telefon, qızıl qolbaq və çamadan oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Nəzərov rayon polis idarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
İyulun 6-da Sabunçu rayonundakı mağazaların birindən 2900 manat dəyərində üç mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Çubanov rayon polis idarəsi 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı təhqiqat aparılır.