SİYASƏT
Əziz Ələkbərli: Avropa İttifaqı Azərbaycanın dini və mədəni abidələrinin dağıdılmasına etinasızlıq nümayiş etdirib
![Əziz Ələkbərli: Avropa İttifaqı Azərbaycanın dini və mədəni abidələrinin dağıdılmasına etinasızlıq nümayiş etdirib](/files/2023/3/1200x630/17017612485625559204_1200x630.jpg)
Bakı, 5 dekabr, AZƏRTAC
Ermənistanın hərəkətləri bu ölkədəki azərbaycanlıların öz ata-baba yurdlarından qovulmaları ilə nəticələnib. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O qeyd edib ki, Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıdıb. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərib. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və sosial bağlarımız xeyli zərər görüb. Ermənistan hökuməti Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək məqsədilə UNESCO-nun missiyasının bu ölkəyə göndərilməsinə imkan vermir.
“Biz Ermənistandakı müqəddəs yerlərimizi ziyarət edə bilməyimizə yardım etmək xahişi ilə dinlərarası dialoqun sadiq müdafiəçisi olan Papa Həzrətləri Fransiskə müraciət göndərmişik. Bundan əvvəl isə biz oxşar xahişlə Avropa İttifaqına (Aİ) müraciət etmişdik. Təəssüf ki, Avropa İttifaqı bizim dini və mədəni abidələrin dağıdılması və ziyarət hüququmuz məsələsinə tam etinasızlıq nümayiş etdirib.
Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir”,- deyə deputat vurğulayıb.