Faşistlərin təklifini rədd etdikləri üçün “islaholunmazlar” damğası vurulan azərbaycanlı əsgərlər
Strasburq, 1 sentyabr, AZƏRTAC
İkinci Dünya müharibəsi zamanı 1941-ci ildə Krımın müdafiəsi zamanı faşistlər tərəfindən əsir götürülən sovet əsgərləri arasında azərbaycanlılar da olub. Mirzə Abdullayev (1907-1944), Molla Hüseynov (1905-1943), Məhərrəm Ələkbərov (1906-1943), Fiodor Fokin (1911-1943), Bədəl Yusibov (1919-1944), Xıdır Quliyev (1916-1943), Müxlis Məmmədzadə (1902-1942), Məmməd Seyidov (1907-1943), Rza Hüseynov (1905-1943), Səfər Həsənov (1906-1943) kimi azərbaycanlılar əsirlikdə olduqları zaman müxtəlif vaxtlarda onlara faşistlərin tərəfinə keçmək təklif olunub. Bu təklifi rədd etdikləri üçün onlara “islaholunmazlar” damğası vurulub, faşistlərə boyun əyməyən azərbaycanlı əsgərlər güllələniblər. Onlardan ikisi Strasburqun “Neuhof” qəbiristanlığında uyuyur, digərlərinin qəbri isə axtarılır.
AZƏRTAC xəbər verir ki, Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin rəhbəri Nicat Kazımov apardığı tədqiqatların nəticəsində İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş azərbaycanlıların adlarını aşkarlayıb.
O bildirib ki, İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş azərbaycanlı əsgərlər Fransanın müxtəlif bölgələrindəki qəbiristanlıqlarda uyuyurlar. Ancaq adlarını yeni tapdığı azərbaycanlı əsgərlər faşistlər tərəfindən əsir götürülərək Elzas regionunda nazirlərin “Fort de Mutzig” adlanan yeraltı hərbi düşərgəsinə gətiriliblər. Düşərgədə saxlanılan azərbaycanlı əsgərlərdən müxtəlif vaxtlarda faşistlərlə əlbir olmaq tələb edilib. Azərbaycanlı əsgərlər faşistlərin bu tələbini rədd etdikləri üçün Mutziqdə güllələniblər. Tədqiqat zamanı aşkarlanan nasistlərin möhürlü sənədlərində də bu əsgərlərə düşərgədə yer olmadığı qeyd edilib.
Nicat Kazımov həmin azərbaycanlılardan ikisinin - Molla Hüseynov və Müxlis Məmmədzadənin məzarlarını Strasburqun “Neuhof” qəbiristanlığında tapsa da, digərlərinin qəbrini axtarmaqda davam edir. Yuxarıda adı sadalanan azərbaycanlı əsgərlərdən daha ikisinin - Xıdır Quluzadə (Bakı) və Bədəl Yusibovun (Ağcabədi) Azərbaycandakı ailə üzvləri ilə əlaqə yaradılıb.
“İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş və qürbətdə dəfn edilmiş əsgərlərimizi ailələrinə qovuşdurmaq istəyirəm. Yuxarıda adı sadalanan şəxslərin nəvələri, yaxınları ilə əlaqəsi olan şəxslərdən bu işdə yardım göstərmələrini xahiş edirəm. Əsgərlərimiz haqqında sənədli film hazırlamağı düşünür və bunun üçün onların ailə üzvləri ilə danışmaq, onlar barədə əlavə məlumat əldə etmək istəyirəm”, - deyə N.Kazımov qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq