Faşizm üzərində Qələbə Günündə Varşavada azərbaycanlı polkovnik Vəli bəy Yadigar yad edilib
Vyana, 9 may, AZƏRTAC
İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü münasibətilə Azərbaycanın Polşadakı səfirliyi və Polşanın Müftiliyi tərəfindən Varşavada anım mərasimi təşkil olunub, Polşanın azadlığı naminə bu ölkənin ordusu sıralarında xidmət etmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigar məzarı başında yad edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vəli bəy Yadigarın məzarı üzərinə əklil qoyulub, onun və müharibədə həlak olmuş bütün soydaşlarımızın ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
Mərasimdə çıxış edən səfir N.Qurbanova Azərbaycanın faşizm üzərində tarixi Qələbəyə verdiyi mühüm töhfələri qeyd edib. Bildirib ki, bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaqla təchiz olunmasında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təminatında fəal mövqeyi ilə seçilib.
Səfir əlavə edib ki, qəhrəman azərbaycanlılar Polşa, sabiq Çexoslovakiya, sabiq Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Belə qəhrəmanlardan biri də məhz İkinci Dünya müharibəsi illərində Polşanın azadlığı naminə Polşa ordusu sıralarında döyüşən polkovnik Vəli bəy Yadigar olub. Səfir Vəli bəy Yadigarın həyatından və döyüş yolundan danışıb, ona böyük ehtiram göstərildiyini qeyd edib. Vurğulanıb ki, Vəli bəy Yadigar Polşa və Azərbaycan xalqlarını bir-birinə bağlayan, dostluq münasibətlərini daha da möhkəmləndirən tarixi şəxsiyyətlərdən olub. Diqqətə çatdırılıb ki, polkovnik Vəli bəy Yadigar və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun baş qərargah rəisi general Məmməd bəy (Maçey) Sulkeviçin şərəfinə Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidə bu fədakarlığın və qarşılıqlı sıx əlaqələrin təcəssümüdür.
Sonda səfirliyin təşkilatçılığı ilə çay süfrəsi açılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana