SİYASƏT
Fatma Yıldırım: Azərbaycan Prezidentinin qətiyyəti və prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birini əvəzləyir
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını qətiyyətlə qorumaqda davam edir. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birini əvəzləyir. Bunların sırasında Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşünü də qeyd edə bilərik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Ermənistan hakimiyyəti indiyə qədər müxtəlif bəhanələrlə sülh prosesini uzatmağa çalışıb. Amma döyüş meydanında “Dəmir yumruğ”un zərbəsi alan Ermənistan danışıqlar prosesində də Prezident İlham Əliyevin dəmir iradəsi ilə üzləşib. Dövlətimizin başçısı İlham Əliyevin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirdiyi görüşlərdə qətiyyətli mövqeyi bir daha göstərdi ki, Azərbaycan heç bir halda haqlı mövqeyindən geri çəkməyəcək. Görünən odur ki, Azərbaycan 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları hər kəsə qəbul etdirir.
“Praqada qəbul olunmuş bəyanat faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Tərəflər onu da bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
“Dövlətimizin başçısı İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Prezident Qarabağda yaşayan ermənilərlə bağlı dövlətimizin aydın mövqeyini ifadə etdi. Bildirildi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bütün vətəndaşlar kimi hüquqlardan istifadə edəcəklər. Görüşdə, həmçinin kommunikasiya xətlərinin bərpası məsələsi də diqqət mərkəzində olub. Bütövlükdə, Praqada keçirilən görüşlər və verilə bəyanat regionumuzda yaxın zamanlarda sülhün bərqərar olmasına ümidlər yaradır”, - deyə F.Yıldırım qeyd edib.
Türkiyənin hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdıran deputat iki qardaş ölkənin regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün önəmli təşəbbüslərlə çıxış etdiyini bildirib. “Praqada Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Paşinyanla görüşü zamanı mövcud reallıqları ona bir daha xatırladıb. Ermənistan anlamalıdır ki, əgər inkişaf etmək, problemlərdən xilas olmaq istəyirsə, Azərbaycanla Türkiyənin təşəbbüslərinə adekvat reaksiya verməlidir”, - deyə Fatma Yıldırım fikirlərini yekunlaşdırıb.