“Fəal Yaşlanma” layihəsi çərçivəsində 500 nəfər yaşlı şəxs üçün İKT təlimləri təşkil olunub
Bakı, 20 mart, AZƏRTAC
Yaşı 65-dən yuxarı olan bir qrup şəxs üçün informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair təlimlər keçirilib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, təlimlər “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin “Yaşlı şəxslərin yeni texnologiyalardan istifadəsinə dəstək” komponenti çərçivəsində aparılıb.
Təlimlərin təşkilində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “Könüllü DOST” proqramının üzvləri fəal iştirak ediblər. Onların sırasından seçilmiş təlim koordinatorları tərəfindən pensiyaçılara evlərdə və DOST mərkəzlərində təlimlər keçirilib. Təlimlərin ikinci həftəsində ümumilikdə 500 nəfər yaşlı şəxsə “İnformasiya Texnologiyalarının əsasları”, “İnternet və sosial şəbəkələrdən istifadə” və “Elektron ödənişlərdən istifadə” mövzularında məlumat verilib. Hər bir mövzu ilə əlaqədar hazırlanmış məlumat broşürləri təlim zamanı iştirakçılara paylanılıb.
Qeyd edək ki, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilir.