Fədakar alim və gözəl insanın xatirəsi yad edilib
Bakı, 9 fevral, Ayişə Axundova, AZƏRTAC
Fevralın 8-də Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, beynəlxalq ekspert Lətifə Hüseynovanın “Anam Xəzərim” kitabının təqdimatı olub. Kitab 2015-ci ildə müəllifin vəfatından sonra “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.
Alimin çoxillik tədqiqatlarının bəhrəsi olan kitabda Xəzər dənizinin tarixi, geologiyası, ekologiyası, Xəzər akvatoriyasının ekoloji müdafiəsi sahəsində görülən işlərdən danışılır. Nəfis tərtibatda çap olunan kitab rəngli fotoşəkillərlə illüstrasiya edilib.
Tədbirin əvvəlində planetimizdə içməli su qıtlığı ilə bağlı aktual problemlər, bu sahədə Azərbaycanda görülən işlər haqqında videoçarx nümayiş etdirilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru Məmməd Salmanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ekologiya mühəndisliyi kafedrasının müdiri, professor Fəqan Əliyev, Bakı Dövlət Universitetinin coğrafi ekologiya kafedrasının müdiri Şövqi Göyçaylı, alimin həmkarı Tatyana Cavanşir tədbirdə çıxış edərək, ömrünü Xəzər dənizinin ekoloji problemlərinin öyrənilməsinə həsr edən Lətifə Hüseynovanın yüksək peşəkarlığını və insani keyfiyyətlərini vurğulayıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, L.Hüseynova 1974-cü ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 1986-cı ildən 2007-ci ilədək bilavasitə Xəzər dənizinin ekologiyası ilə məşğul olub. L.Hüseynova fəaliyyəti dövründə onlarca gənc mütəxəssis hazırlayıb. Qeyd olunub ki, Xəzər dənizinin təmizliyinin qorunub saxlanılmasının təəssübünü çəkən L.Hüseynova fədakar alim, mehriban, təvazökar, özünə qarşı çox tələbkar insan olub.
Tədbirdə çıxış edən L.Hüseynovanın qızı Gülşən Hüseynova alimin xatirəsinə göstərilən ehtirama görə tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib, anasına həsr etdiyi şeirini oxuyub.
Sonda tədbir iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib.