Fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi üçün metodlar işləniləcək
Bakı, 9 fevral, AZƏRTAC
Bu il fərdlərin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi, jest dilinin tanınması, habelə intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə tətbiqi problemləri istiqamətində araşdırmalar aparılacaq.
Bunu İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin 2021-ci il üçün fəaliyyət planının müzakirəsinə həsr olunan onlayn iclasda Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova söyləyib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, R.Mahmudova “Fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodlarının işlənilməsi” mövzusu üzrə görüləcək işlərdən söz açıb. O, həmçinin jest dilinin tanınması problemləri istiqamətində aparılan araşdırmalar çərçivəsində mövcud 2D və 3D modelləşdirmə sistemlərinin analizi, əl jestlərinin tanınması sistemlərinin iş prinsipinin araşdırılması nəticəsində hazırlanacaq məqalələr barədə məlumat verib. Bununla yanaşı, intellektual oyunların informatika fənninin tədrisinə tətbiqi istiqamətində aparılan eksperimentlərin təhlili nəticəsində təkliflər işlənəcəyini diqqətə çatdırıb.
Sonra R.Mahmudova əməkdaşların elmi-innovasiya və praktiki fəaliyyəti haqqında məlumat verib. Cari ildə əməkdaşların “Elmi tədqiqat işləri” bölməsində planlaşdırılan mövzular üzrə uyğun nüfuzlu konfrans, seminar və simpoziumlarda iştirakı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrinin çapı barədə danışıb. O, Mərkəzin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, müxtəlif təyinatlı kitabların və kitabçaların hazırlanması, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görüləcək işləri də nəzərə çatdırıb.
İclasda fəaliyyət planına dair müzakirələr aparılıb, elmi şura üzvlərinin suallar cavablandırılıb.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Tədris-İnnovasiya Mərkəzinin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib, əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Elmi şuranın qərarı ilə Mərkəzin fəaliyyət planı qənaətbəxş hesab edilib.