İDMAN
Fernando Alonso “24 saat Daytona” yürüşündə qalib gəlib
Bakı, 28 yanvar, AZƏRTAC
Formula 1 yarışlarında iki dəfə dünya çempionu olmuş Fernando Alonso öz aktivinə daha bir qələbə əlavə edib. Bu dəfə o, məşhur “24 saat Daytona” yürüşündə qalib gəlib.
AZƏRTAC “Sportarena” saytına istinadla xəbər verir ki, yağış üzündən qırmızı bayraqlar qaldırılaraq dayandırılmış yürüşdə 10 №-li “Cadillac” avtomobilində çıxış edən “Wayne Taylor Racing” komandasının heyəti qalibi hesab edilib. Bu komandanın heyətinə Fernando Alonso ilə yanaşı Renger van der Zande, Kamui Kobayaşi və Cordan Teylor da daxildir.
10 nömrəli maşının heyətinə qələbə gətirən məhz yağış olub. Felipe Nasrın səhvindən istifadə edən Alonso yağış başlayana qədər yürüşdə liderliyi ələ keçirib. Finiş vaxtına hələ 2 saat qalırdı, lakin güclü yağışla əlaqədar yürüş dayandırılıb və son nəticədə yürüşü bərpa etməmək qərara alınıb. 31 №-li “Cadillac” avtomobilində çıxış edən Nasr və onun komanda yoldaşları Luis Felipe Derani və Erik Kerran ikinci nəticə göstəriblər. “Acura ARX-05” avtomobilində çıxış edən “Penske” komandasının Elio Kastroneveş, Rikki Teylor və Aleksandr Rossidən ibarət heyəti də podiuma qalxıb.
“24 saat Daytona” yürüşü yağışla əlaqədar ilk dəfə finiş vaxtına 7 saat qalmış dayandırlıb. Saat yarımlıq fasilədən sonra yürüş bərpa edilib. Həmin anda qələbə uğrunda "Penske” komandasının iki “Cadillac” və iki “Acura” avtomobilində çıxış edən pilotları mübarizə aparırdı. Lakin Xuan-Pablo Montoya, Beyn Kemeron və Simon Pajenonun daxil olduğu heyətin ikinci “Acura” avtomobili yürüşün 20-ci saatında texniki səbəblərə görə distansiyadan çıxıb.