Fevralın 26-da Bakı şəhərində keçirilmiş ümumxalq yürüşü Azərbaycan xalqının sıx birliyinin təcəssümüdür
Beyləqan, 1 mart (AZƏRTAC). Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakı şəhərində keçirilmiş ümumxalq yürüşünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri Şaiq Aslanov Xocalı faciəsinin dünyaya çatdırılması üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. Faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük işlər həyata keçirilir.
RİH başçısı Eyvaz Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının Xocalıda dinc sakinləri, körpələri, qadınları, qocaları vəhşicəsinə qətlə yetirməsi, bu müdhiş hadisənin səbəb və nəticələri barəsində ətraflı danışmışdır. Bildirmişdir ki, Xocalı soyqırımının 20-ci il dönümü ilə bağlı fevralın 26-da 60 mindən çox insanın iştirakı ilə keçirilən ümumxalq yürüşünün məqsədi faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Yürüş Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirmişdir. Bu yürüş xalqla hakimiyyət arasındakı sarsılmaz vəhdətin və birliyin təcəssümü idi.
Tədbirdə digər çıxış edənlər fevralın 26-da keçirilən ümumxalq yürüşünün əhəmiyyətini yüksək qiymətləndirmişlər. Əminliklə vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə qüdrətlənən Azərbaycanın haqq işi qalib gələcək, torpaqlarımız erməni işğalından azad ediləcək, Xocalı soyqırımının təşkilatçıları və onu törədənlər layiqli cəzalarını alacaqlar.