İQTİSADİYYAT
Fəzail Bayramov: Yeni istilik elektrik stansiyasının tikintisi nəticəsində yüzlərlə yeni iş yeri açılacaq
Bakı, 13 fevral, AZƏRTAC
Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən müstəqillik dövrümüzün ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməli qoyulub. Əslində bu, Qafqaz regionunun elektroenergetika mərkəzi olmaqla yanaşı, bu sahədə əsl inqilabdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Memarlar İttifaqının üzvü, Əməkdar memar Fəzail Bayramov deyib.
Onun sözlərinə görə, elektrik stansiyasının inşası nəticəsində respublikamızın enerji təhlükəsizliyinə müsbət təsir göstərməklə təbii qaza da xeyli qənaət ediləcək. Digər müsbət cəhətlərdən biri də yüzlərlə iş yerlərinin açılmasıdır. Bu tikintini müstəqillik illərində reallaşan ən böyük tikintilərdən biridir və Azərbaycanın tarixində özünəlayiq yer tutacaq. Bununla yanaşı, İES, həmçinin ölkəmizin sosial-iqtisadi inkişafına da böyük təkan verəcək və Azərbaycan dövlətinin enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək.
Bu gün Azərbaycan ilə Avropa arasında enerji sahəsində əməkdaşlıq əlaqələri inkişaf edir. Yaxın gələcəkdə Avropaya enerji ixracı Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək.