FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti videokonfrans formatında seminar-müşavirə keçirib
Bakı, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü ilə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Neftçala Rayon İcra Hakimiyyətində videokonfrans formatında seminar-müşavirə keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, “MKT İstehsalat Kommersiya” və “P-Aqro” MMC-nin Neftçala filiallarının və digər pambıq qəbulu və emalı ilə məşğul olan zavod və məntəqələrinin rəhbərləri iştirak ediblər.
“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yollar salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də vurğulanıb.