FHN-in Şimal Regional Mərkəzi tərəfindən silsilə təlimlər keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Regional Mərkəzinin 2023-cü ilin hazırlıq planına uyğun olaraq mərkəz tərəfindən qurumun Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələrinin iştirakı ilə təlimlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, çoxmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, torpaq sürüşməsi və digər təbii fəlakət zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin qarşılıqlı fəaliyyətin təşkili istiqamətində təcrübənin artırılmasından ibarət olub.
Uğurla icra olunan təlimlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.