FHN: Ötən sutka 24 halda yanğına çıxış olub, 10 nəfər xilas olunub
Bakı, 31 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla 10 nəfər, o cümlədən Sabirabad rayonunun Qalağayın kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış bir nəfər xilas olunub, 1 nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyət davam edir.