ELM VƏ TƏHSİL
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 35 dissertasiya mövzusunun müzakirəsi aparılıb
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün beşinci iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, dissertasiya mövzularının qeydiyyatı üçün 16-sı elmlər doktorluğu, 19-u isə fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla, ümumilikdə 35 mövzu müzakirə olunub.
Otuz beş mövzudan 9-nun adında dəyişiklik edilməklə, ümumilikdə, 23 mövzu qeydə alınıb. On iki mövzu isə qeyri-məqbul sayılıb.
Aparılan müzakirələrdə şuranın sədri, akademik Rafael Hüseynov, sədr müavini professor Əsgər Rəsulov, şuranın katibi professor Aida Qasımova, şuranın üzvləri - filologiya üzrə elmlər doktorları, professorlar Şəfəq Əlibəyli, Fəxrəddin Veysəlli, Fəridə Əzizova, Bilal İsmayılov, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Cəlil Nağıyev, Qorxmaz Quliyev, Nadir Məmmədli, Qulu Məhərrəmli və Azadə Musayeva iştirak ediblər.